DÜNYA
BMT Myanma hökumətini ədaləti bərpa etmək üçün Müstəqil Təhqiqat Mexanizmi ilə əməkdaşlığa çağırıb
Bakı, 9 sentyabr, AZƏRTAC
BMT Myanma hökumətini Rohinca müsəlmanları ilə bağlı ədaləti bərpa etmək üçün Müstəqil Təhqiqat Mexanizmi ilə əməkdaşlığa çağırıb. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, BMT-nin insan haqları üzrə Ali komissarı Mişel Baçelet təşkilatın İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 42-ci sessiyasındakı çıxışında deyib: “Mən Myanma hökumətinə ölkədə ədalətin bərpası və demokratik keçid prosesinin təmin edilməsi məqsədilə beynəlxalq təhqiqat mexanizmləri ilə sıx əməkdaşlıq etməyi təklif edirəm”.
Müstəqil Təhqiqat Mexanizmi təşkilatın İnsan Hüquqları Şurasının mandatı ilə ötən il yaradılıb. Qurumun yaradılmasından məqsəd 2011-ci ildən başlayaraq Myanmada törədilmiş çox ciddi beynəlxalq cinayətlər və beynəlxalq hüquq normalarının pozulması halları ilə bağlı faktların toplanması, təhlili və onlara hüquqi qiymət verilməsidir. Baçelet xatırladıb ki, avqustda BMT-nin Baş katibi Antonio Quterreş mexanizmin fəaliyyətə başladığını elan edib. Onun sözlərinə görə, son iki il ərzində Myanmada ordu tərəfindən törədilmiş qətllər, kütləvi seksual zorakılıq hərəkətləri və 1 milyondan çox Rohinca müsəlmanının ölkədən qovulması kimi ağır cinayətlər araşdırılmalıdır və Myanma hökuməti bu məsələdə beynəlxalq qurumla sıx əməkdaşlıq etməlidir. BMT-nin Ali komissarı əlavə edib ki, həmin ölkədə vəhşi cinayətlər bu gün də davam edir.
Müstəqil Təhqiqat Mexanizminin başçısı Nikolas Kumjian qeyd edib ki, onun rəhbərlik etdiyi qurumun əsas vəzifəsi Myanmada insanlıq əleyhinə törədilmiş cinayət faktlarını toplamaq və onları təhlil edərək cinayətkarların cəzalandırılmasını təmin etməkdir.
Xatırladaq ki, 2017-ci ilin avqustundan etibarən Myanmada ordu tərəfindən 24 min Rohinca müsəlmanı qətlə yetirilib, əksəriyyəti qadın, uşaq və qocalar olmaqla 75 mindən çox insan didərgin salınıb. Bundan başqa, 18 min müsəlman qadın əsgərlər və polis tərəfindən zorlanıb, 115 min ev yandırılıb.