BMT-nin İnkişaf Proqramı milli məsləhətləşmələrə Gəncədən başlamışdır
Gəncə, 23 iyun (AZƏRTAC, Sabir Əliyev). BMT-nin İnkişaf Proqramının (BMT İP), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və BMT-nin Əhali Fondunun (UNFPA) birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilən 2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələrin ikinci mərhələsinin ilk müzakirəsi Gəncədən başlamışdır.
AZƏRTAC xəbər verir ki, “RAMADA Plaza” otelində “2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi. Vətəndaş cəmiyyəti ilə dialoq: gənclər” adı altında reallaşan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalovun, Birləşmiş Millətlər Təşkilatının rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broekin, bu qurumun İnkişaf Proqramının meneceri Məzahir Əfəndiyevin çıxışları dinlənilmişdir.
QHT-lərin, gənclər təşkilatlarının, hökumət qurumlarının, media nümayəndələrinin, eləcə də fəal gənclərin iştirakı ilə keçirilən tədbirdə qeyd edilmişdir ki, əsas məqsəd qazanılmış təcrübəni və ölkəmizin qarşısında duran məqsədləri nəzərə alaraq, məsləhətləşmələrdə müəyyən olunmuş prioritetlər üzrə Azərbaycan vətəndaşlarının fikrini öyrənmək və təkliflər almaqdır.
Bildirilmişdir ki, 2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələr Azərbaycanda ötən ildən etibarən keçirilir. 2015-ci ildən sonrakı qlobal inkişaf çərçivəsi üzrə milli məsləhətləşmələr BMT sistemi tarixində ilk dəfə olaraq Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən, fərqli yaş və sosial qruplardan olan insanlar arasında aparılmışdır. Ölkənin bir çox bölgələrində keçirilən milli məsləhətləşmələr nəticəsində toplanmış təkliflər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyada əks olunan milli prioritetlərə və BMT-nin 2016-2020-ci illəri əhatə edəcək proqramlaşdırma fəaliyyət sahələrinə uyğunlaşdırılmışdır.
Diqqətə çatdırılmışdır ki, həmin nəticələr 2013-cü il iyunun 21-də Bakıda BMT-nin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə “Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələrinin təsdiqi” mövzusunda keçirilən konfransda təqdim olunaraq nəzərdən keçirilmiş və təhlil edilmişdir. Həmin konfrans fikir mübadiləsi aparmaq üçün bir platforma kimi istifadə olunmuş və iştirakçılar Azərbaycan xalqının 2015-ci ildən sonra görmək istədiyi dünya ilə bağlı təkliflərini müzakirə etmişlər.
Gəncədə keçirilən ilk müzakirələrdə gənclər və müxtəlif qurumların nümayəndələri öz fikirlərini bölüşmüş və təkliflərlə çıxış etmişlər. Bütün təkliflər qeydə alınmışdır. Bu təkliflər milli məsləhətləşmələr üzrə yekun hesabata daxil ediləcəkdir.