BMT-nin məruzəsi: Şirin su ehtiyatlarından səmərəsiz istifadə olunur
Bakı, 13 mart (AZƏRTAC). Ərzağa artmaqda olan tələbat, sürətli urbanizasiya və iqlim dəyişmələri dünyanın su təchizatı sisteminin həddən artıq yüklənməsinə gətirib çıxarmışdır. Yaranmış vəziyyət su resurslarının idarə olunmasına yanaşmanın radikal surətdə dəyişdirilməsini tələb edir.
Bu barədə söhbət BMT-nin dünyanın su ehtiyatlarının vəziyyəti haqqında “Qeyri-müəyyənlik və risk şəraitində su resurslarının idarə olunması” sərlövhəli məruzəsində gedir.
Su təchizatı və kanalizasiya infrastrukturu dünyada şəhər əhalisinin artımının öhdəsindən çətinliklə gəlir. Üstəlik, şəhər əhalisinin 2050-ci ilədək, demək olar, iki dəfə artaraq 6,3 milyard nəfərə çatacağı proqnozlaşdırılır. Hazırda dünyada çirkab sularının 80 faizindən çoxu kollektorlara daxil olmur və təmizlənmir.
2050-ci ilədək dünyada ərzağa, xüsusən heyvandarlıq məhsullarına tələbatın 70 faiz artacağı gözlənilir. Ərzaq məhsulları istehsalının genişlənməsi nəticəsində kənd təsərrüfatında qlobal su istehlakı (bu gün şirin su ehtiyatlarının 70 faizi onun payına düşür) azı 19 faiz artacaqdır.
Su ehtiyatlarına artan tələbatın öhdəsindən gəlmək üçün yeraltı su mənbələrindən getdikcə daha çox istifadə olunacaqdır. Son 50 ildə yeraltı suların çıxarılması üç dəfə artmışdır ki, bu da bir növ “səssiz inqilab” yaratmışdır. Bəzi yeraltı rezervuarlarda su ehtiyatlarının bərpası qeyri-mümkündür, çünki su son dərəcə aşağı səviyyəyə çatmışdır. Bununla əlaqədar olaraq bir çox ölkələr öz milli yurisdiksiyasından kənarda, xüsusən Afrika qitəsində münbit torpaqlar alırlar.
İqlim dəyişmələri yaxın illərdə su ehtiyatlarına böyük təsir göstərəcəkdir. O, yağıntının paylanmasında, torpağın rütubətində, buzlaqların əriməsində, çay axarında, habelə yeraltı suların vəziyyətində əks olunacaqdır. Artıq indinin özündə daşqın və quraqlıq kimi su ilə bağlı olan təhlükəli təbiət hadisələrinin tezliyi və sərtliyi artmışdır.
Məruzə müəllifləri iddia edirlər ki, 2030-cu ilədək iqlim dəyişmələri Cənubi Asiyada və Cənubi Afrikada ərzaq istehsalına əhəmiyyətli təsir göstərəcəkdir. 2070-ci ilədək Mərkəzi və Cənubi Avropada hiss ediləcək su qıtlığı təkcə bu regionda 44 milyon adamın həyatına təsir edəcəkdir.