Bölgələrdə soyqırımı qurbanlarının xatirəsi yad olunub
Neftçala-Salyan, 31 mart, Mahir Babayev, AZƏRTAC
Neftçalada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü “Şəhidlər xatirə” kompleksində anım mərasimi ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri kompleksin önünə gül dəstələri qoyaraq, şəhid olan Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra mərasim iştirakçıları uzun illərdən bəri erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırımı dəhşətlərini əks etdirən rəsm əsərləri və əl işləri ilə tanış olublar.
Qeyd olunub ki, erməni faşistlərinin törətdikləri soyqırımı aktları təkcə miqyasına və coğrafiyasına görə deyil, kütləviliyinə və mahiyyətinə görə də insanlığa sığmayan bəşəri cinayətdir. Bildirilib ki, 1918-ci ilin mart ayında daşnaklar təkcə paytaxt Bakıda deyil, bölgələrdə, o cümlədən Neftçalada da talanlar, qırğınlar törədib.
Mərasimdə Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsində Azərbaycan Prezidentinin davamlı fəaliyyəti xüsusi vurğulanıb.
Tədbir məktəblilərin hazırladıqları ədəbi bədii kompozisiya ilə davam edib.
X X X
Salyanda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə keçirilən anım mərasimində erməni cəlladlarının zaman-zaman xalqımıza qarşı törədikləri cinayətlər xatırlanıb.
AZƏRTAC xəbər verir ki, yüzlərlə salyanlı soyqırımı qurbanlarının xatirə kompleksinin önünə gül dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra ictimaiyyət nümayəndələri Salyan şəhər qəbiristanlığında uyuyan türk əsgərlərinin məzarlarını ziyarət edib, xatirələrinə ehtiramlarını bildiriliblər.
Mərasimdə 31 martın soyqırımı günü elan edilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətləri, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Prezident İlham Əliyevin davamlı fəaliyyəti xüsusi vurğulanıb.
Anım mərasimində belə bir inam ifadə olunub ki, ölkəmizin artan iqtisadi qüdrəti və siyasi nüfuzu ən yaxın zamanlarda ərazi bütövlüyümüzün təmin olunmasına imkan yaradacaq.