BÖLGƏLƏRDƏ TURİZMİN İNKİŞAF YOLLARI MÜZAKİRƏ EDİLMİŞDİR
Regional Gənclər, idman və turizm idarələri nümayəndələrinin iştirak etdikləri yığıncaqda qeyd olunmuşdur ki, son statistik məlumatlar Azərbaycana gələn əcnəbi turistlərin sayının artdığını göstərir. Sosioloji sorğular ölkə əhalisinin daxili turizmin inkişafına böyük marağından xəbər verir.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev bildirmişdir ki, yeni iş yerlərinin açılması üçün əsas mənbələrdən birinə çevriləcək turizmin inkişafına dair regionlardan nazirliyin aparatına 442 təklif daxil olmuşdur. Regionlarda informasiya-turizm mərkəzlərinin açılmasına dair BMT ilə birgə gerçəkləşdirilən layihə çərçivəsində yaxın vaxtlarda işədüzəltmə üzrə müsabiqə keçiriləcəkdir. Bölgələrdə turizmin inkişafına əngəl törədən əsas problem mehmanxanaların, motellərin, əyləncə müəssisələrinin aşağı səviyyədə olması, bəzi rayonlarda isə heç olmamasıdır. Nazir yığıncaq iştirakçılarını regionlarda fəallıq göstərməyə, Bakıdakı turizm şirkətləri ilə əməkdaşlıq yaratmağa çağırmışdır.
Yığıncaq iştirakçıları dövlət proqramının həyata keçirilməsi, o cümlədən turizm xidmətinin səviyyəsinin yüksəldilməsi ilə bağlı təkliflər irəli sürmüşlər.