MƏDƏNİYYƏT
Bölgələrdəki rəssamlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə start verilən layihəyə qeydiyyat davam edir
Bakı, 8 yanvar, AZƏRTAC
Bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşan yeni layihəyə qeydiyyat davam edir.
Qalereyadan AZƏRTAC-a bildirilib ki, bu layihənin əsas məqsədi bölgələrdə yaşayıb-yaradan rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirmək, şöhrət və nüfuz qazanacaqları əhatəni daha da genişləndirməkdən ibarətdir. Bununla da rəssamlar mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrini sıxlaşdıracaq və regionlarda rəssamlıq işinin keyfiyyətini artıra biləcəklər. Bəzən rəssamlar yaradıcılıq fəaliyyətinin nəticələrini (başqa sözlə əsərlərini), bədii fikir və axtarışlarını, konsepsiyalarını özlərində saxlamaqla kifayətlənir, geniş ictimaiyyətin bununla tanış ola bilməsi üçün zəruri addımları ata bilmirlər. Əgər bu fəaliyyətin tərkibinə əməkdaşlıq elementi daxil edilərsə, o zaman rəssamlar birgə işin, dərin təhlilin üstünlükləri ilə tanış olacaqlar. Həmçinin öz yaradıcılıq mühitinin müsbətə doğru dəyişilməsi üçün təsir imkanlarına malik olacaqlar. Bunun üçün bölgələrdə yaşayan rəssamlar öz bioqrafiyalarını, əlaqə nömrələrini, əvvəlki təcrübələri və cari fəaliyyətləri haqqında məlumatları [email protected] ünvanına göndərmələri kifayət edəcək.
Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.