SİYASƏT
Bolqarıstan KİV-ləri Azərbaycan şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi barədə yazıb



Sofiya, 22 iyul, AZƏRTAC
Bolqarıstanın Sofiya şəhərində Tovuz rayonunda Vətən uğrunda canlarını qurban vermiş Azərbaycan şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Tarixi “Banyabaşı” məscidində təşkil edilmiş mərasim Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bolqarıstan Müsəlmanlar Dəyanəti Baş Müftülüyünün himayəsi ilə keçirilib.
Anım mərasimində Bolqarıstan Müsəlmanlarının baş müftisi Mustafa Hacı və İslam Şurasının sədri Vedat Əhməd başda olmaqla, Baş Müftiliyin və səfirliyin təmsilçiləri, müsəlman icmalarının nümayəndələri iştirak ediblər. Qurani-Kərimdən ayələrin oxunduğu mərasimdə ibadətə gələnlərlə birgə namaz qılınıb, baş müfti Mustafa Hacı şəhidlər üçün dua oxuyub. Sofiyada yaşayan fərqli millətlərdən çoxlu sayda müsəlmanın iştirak etdiyi dini mərasimin ardınca şəhidlərin ruhuna ehsan verilib.
Bolqarıstanda geniş oxucu auditoriyasına malik “Kırcalihaber” qəzetinin və “Ajans Bolqarıstan” portalının internet səhifəsində mərasim barədə xəbər yayımlanıb və erməni təxribatı haqqında məlumat verilib.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri bölmələrinin 12 iyulda Azərbaycanın Tovuz rayonu istiqamətində hücumundan sonra başlayan qarşıdurmalar getdikcə şiddətlənib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamasına istinadən Ermənistan ordusunun Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini iriçaplı silahlarla və minaatanlarla atəşə tutduğu qeyd olunaraq, Azərbaycan Silahlı Qüvvələrinin şəhidlər verdiyi vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın hücumları ilə bağlı verdiyi vacib mesajlara toxunulan xəbərlərdə Azərbaycan tərəfindən həyata keçirilən cavab tədbirlərinə diqqət yetirilib. Bölgənin çox strateji əhəmiyyətə malik olması qeyd edilərək Ermənistanın bu bölgəni ikinci cəbhə hesab etdiyi bildirilib.
Daha sonra təxribatın səbəblərinə toxunularaq Ermənistanın COVID-19-la mübarizədəki uğursuzluğu və bu vəziyyətin yaratdığı daxili siyasətdəki iğtişaşların ölkəni gündəmi dəyişdirməyə məcbur etdiyi bildirilib. Ardınca beynəlxalq miqyasda Azərbaycanın haqq işinə göstərilən dəstəyə yer verilib. Qeyd olunub ki, Ermənistanın təcavüzünə qarşı ən qəti reaksiya Türkiyədən gəlib. Pakistan da Ermənistanın hücumlarını sərt şəkildə qınayıb və Azərbaycana dəstəyini ifadə edib. Ukrayna və Moldova münaqişənin Azərbaycanın ərazi bütövlüyü, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və beynəlxalq hüququn prinsipləri, xüsusilə ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirib. ABŞ, İngiltərə və digər Qərb ölkələri tərəfləri təmkinli olmağa çağırıblar.
Sonda qeyd olunub ki, Azərbaycanın əraziləri (Dağlıq Qarabağ və ətrafındakı 7 rayon) Ermənistanın işğalı altındadır. Bu vəziyyət həm beynəlxalq hüquqa, həm də iki ölkənin mövcud hərbi, diplomatik, iqtisadi və digər imkanlarına uyğun deyil. Başqa sözlə, Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququ çərçivəsində öz ərazilərini Ermənistanın işğalından azad etmək hüququna və imkanına malikdir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya