Bolqarıstanın “Bloomberg TV”kanalında Azərbaycan ilə Bolqarıstan arasındakı iqtisadi əlaqələr müzakirə olunub VİDEO
Sofiya, 1 fevral, AZƏRTAC
Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun yanvarın 15-16-da Azərbaycana baş tutmuş səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yanvarın 16-da “Buta Airways” şirkəti tərəfindən həyata keçirilmiş Bakı-Sofiya-Bakı marşrutu üzrə həyata keçirilən ilk uçuşdan sonra “Bloomberg TV Bulgaria” telekanalının “Biznesə başlamaq” (“Business Starts”) verilişində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın iştirakı ilə Azərbaycan ilə Bolqarıstan arasında əlaqələr barədə müzakirələr aparılıb.
Verilişdə üç il öncə Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı imzalanmış iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə istinad edilərək Azərbaycan və Bolqarıstanın tək dost ölkə deyil həm də strateji tərəfdaş olduğu qeyd olunub.
Cəmi iki ildən sonra 1 milyard kubmetr həcmində ilk Azərbaycan qazının Bolqarıstana nəql olunacağı, bununla da ölkənin qaza olan tələbatının 1/3 hissəsinin ödəniləcəyi, Bolqarıstanın Baş naziri Boyko Borisovun Azərbaycana səfəri zamanı SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında iştirakı imkanlarının araşdırılması barədə iki ölkə arasında razılığın əldə edildiyi və 2017-ci ilin iyul ayında Azərbaycan qazının Bolqarıstandan regionun digər ölkələrinə tranzit imkanlarının araşdırılması barədə “Bulgartransgaz” ilə SOCAR arasında anlaşma memorandumunun imzalandığı tamaşaçıların diqqətinə çatdırılıb.
Bolqarıstanın Azərbaycan üçün etibarlı tərəfdaş olduğu, iki ölkə arasında əməkdaşlığın genişlənməsi üçün digər sahələrdə böyük potensialın mövcud olduğu, xüsusən nəqliyyat sahəsində Azərbaycan tərəfindən həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və bu yolun Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı yaratdığı, bu kontekstdə Avropa İttifaqının BTK ilə bağlı bəyanatında Bolqarıstanın xüsusi vurğulandığı qeyd olunub.
Həmçinin bildirilib ki, “Buta Airways” şirkəti Avropa İttifaqı xaricindən Bolqarıstana uçan ilk aşağıbüdcəli aviaşirkətdir və eyni zamanda, “Buta Airways” şirkəti Avropa İttifaqı ölkələri arasında birinci məhz Bolqarıstana uçuşunu gerçəkləşdirib. Verilişdə 2016-cı il ərzində 16 min Azərbaycan turistinin Bolqarıstana və 1500 bolqar turistinin Azərbaycana səfər etdiyi, ölkəmizə ötən il ərzində iki milyondan artıq turistin gəldiyi, 3.5 milyon Azərbaycan vətəndaşının isə xaricə səfər etdiyi barədə məlumat verilib. Bunlarla yanaşı, Azərbaycanın turizm potensialı, iki ölkə arasında turizm əlaqələrin genişləndirilməsi imkanları, Azərbaycanın Bolqarıstandakı səfirliyinin bu sahədəki fəaliyyəti və 2018-ci ildə təşkil edəcəyi tədbir və sərgilər barədə məlumat verilib.
Bakı ilə Sofiya arasında birbaşa hava əlaqəsinin tək turizm deyil həm də işgüzar əlaqələrin genişlənməsinə imkan yaradacağına nəzər salaraq Azərbaycanın kənd təsərrüfatı, İKT və sənaye sahələri barədə məlumat verilib. Həmçinin cari ilin ikinci yarısında Azərbaycan-Bolqarıstan Müştərək Komissiyanın 5-ci iclasının keçirilməsi, eləcə də Azərbaycan iş adamlarından ibarət ticarət missiyasının Bolqarıstana təşkil ediləcəyinin nəzərdə tutulduğu bildirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya