İQTİSADİYYAT
Borc müqaviləsi barədə məlumatları qeyd etməyən müəssisəyə maliyyə sanksiyası tətbiq edilir
Bakı, 14 iyul, AZƏRTAC
Müəssisə öz təsisçisi olan hüquqi şəxs ilə 2020-ci ildə borc müqaviləsi bağlayıb, iki il sonra isə alınmış borc geri qaytarılıb. Bu zaman banka verilmiş ödəniş tapşırığında borc müqaviləsinə dair məlumatlar qeyd edilməyib. Müəssisəyə maliyyə sanksiyası tətbiq edilə bilərmi?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, vergiödəyicisi olan şəxslər arasında borc ödənişləri üzrə əməliyyat aparılarkən əməliyyatı aparan banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi əks etdirilməlidir.
Qanunvericiliyə görə, qeyd olunan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergiödəyicisinə hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.