DÜNYA
Boris Conson Brexit sazişini Avropa İttifaqı ilə razılaşdıra biləcəyinə əmindir
Bakı, 6 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş Naziri Boris Conson Avropa İttifaqının oktyabrın 17-də keçiriləcək sammitində Brexit şərtləri barədə Brüssellə razılığa gələcəyinə əmindir.
AZƏRTAC Britaniya KİV-lərinə istinadla xəbər verir ki, Boris Conson bu barədə Sky News telekanalının efirində deyib. “Biz ölkənin Avropa İttifaqının tərkibindən sazişsiz çıxmasını istəmirik, bu, baş verməyəcək. Oktyabrın 17-də keçiriləcək sammitdə saziş əldə edəcəyimə əminəm”, - deyə Böyük Britaniyanın Baş Naziri bildirib.
Bununla yanaşı, Boris Conson müxalif leyborist partiyasının oktyabr ayında növbədənkənar seçkilərin keçirilməsinə qarşı çıxmasını da tənqid edərək deyib: “Bu, təzadlı vəziyyətdir - indiyə qədər heç bir müxalif partiya seçki keçirmək imkanından imtina etməyib. Bunun çox böyük siyasi səhv olduğunu düşünürəm, lakin bu, onların qərarıdır. Əgər onlar seçki keçirmək istəmirsə, biz oktyabrın 17-də sazişə nail olacağıq”.
Xatırladaq ki, Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra - 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatası Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd edib. Nəticədə Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılıq verib. Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb.