Bosniya və Herseqovina ilə Serbiya uzun müddət kömürdən imtina edə bilməyəcək
Sarayevo, 18 noyabr, AZƏRTAC
Bosniya və Herseqovina, Serbiya və Kosovo uzun müddət kömürdən imtina edə bilməyəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının enerji investisiyaları üzrə tənzimləyici qurumu olan Avropa Enerji Cəmiyyətinin direktoru Yanez Kopaç deyib.
O bildirib ki, Qərbi Balkan ölkələrində “yaşıl enerji” layihələrinin həyata keçirilməsində əsas problemlər karbon qazı emissiyaları üzrə vergilərin tətbiq edilməməsi və kömürdən istifadəyə görə dövlət tərəfindən subsidiyaların verilməsidir. Şimali Makedoniya, Monteneqro və Albaniyadan savayı digər Qərbi Balkan ölkələri Avropa İttifaqının qarşıya qoyduğu hədəflərə çatmaqda çətinlik çəkəcəklər: “Şimali Makedoniya və Monteneqronun buna nail olacağını düşünürəm. Çünki hər iki ölkədə kömür tükənməkdədir. Şübhəsiz ki, Albaniya da uğur qazanacaq. Lakin Bosniya və Herseqovina, Serbiya və Kosovo karbon qazı emissiyalarına görə vergiləri tez bir zamanda tətbiq etməsələr, onların 2050-ci ilədək bu hədəfə çatmaq şansı yoxdur”.
Qeyd edək ki, Bosniya və Herseqovina, Serbiya və Monteneqro kömürdən əldə olunan elektrik enerjisini Avropa İttifaqına ixrac edir və bu ixracdan əhəmiyyətli gəlir götürürlər.
Xatırladaq ki, Qərbi Balkan ölkələri 2020-ci ilin noyabrında Bolqarıstanın paytaxtı Sofiyada keçirilən sammitdə 2050-ci ilə qədər dekarbonizasiyanı, yəni kömürdən elektrik enerjisi istehsalının dayandırılması və bərpaolunan enerji mənbələrinə keçidi nəzərdə tutan bəyannamə imzalayıblar.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo