Boston şəhərində Xocalı qurbanlarının xatirəsi anılıb
Vaşinqton, 28 fevral, AZƏRTAC
ABŞ-ın Boston şəhərində azərbaycanlı tələbələrin təşəbbüsü və Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə Hilton otelində Xocalı qətliamının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 60-dək tələbə, azərbaycanlı, türk və digər icma nümayəndələri iştirak edib. İştirakçılar arasında Türkiyənin Bostondakı baş konsulluğunun nümayəndəsi Kamal Yüksəktəpə də olub.
Tədbirdə Mirkamran Abdullayev Xocalı qətliamı, Azərbaycanın üzləşdiyi təcavüz və işğal haqqında məlumat verib. Azərbaycanın ədalətli mübarizəsinə hər bir dəstəyin önəmli olduğunu və bunun üçün birgə işlər görməyin, məlumatları sosial şəbəkələrdə işıqlandırmağın əhəmiyyətini vurğulayıb.
Sonra tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxışlardan sonra “Zülmətdən qaçış” sənədli filmi nümayiş olunub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton