Böyük Britaniyada keçirilən “dəyirmi masa”da Dağlıq Qarabağ münaqişəsindən danışılmışdır
Bakı, 12 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant proqramına uyğun olaraq maliyyələşdirdiyi Böyük Britaniyanın Birmingem Universitetinin Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzinin layihəsi çərçivəsində Vindzor şəhərində konfrans keçirilmişdir.
Konfransda Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzinin mütəxəssisləri, keçmiş diplomatlar, tanınmış ekspertlər, İtaliyanın Verona, Böyük Britaniyanın Kent, Finlandiyanın Karelian universitetlərinin professor və müəllim heyəti iştirak etmişdir. Üç gün davam edən konfransda müxtəlif mövzular ətrafında, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılmışdır.
Konfransın ikinci günündə “Qafqaz: Xarici və daxili qüvvələrin rolu” mövzusunda “dəyirmi masa” keçirilmişdir. “Dəyirmi masa”da Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzinin elmi işçisi Löv “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Britaniya mediasının prizmasından” adlı məruzə ilə çıxış etmişdir. O, tədqiqat işində Böyük Britaniya mediasının Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması sahəsində fəaliyyətini araşdırmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Britaniya nəşrləri münaqişənin işıqlandırılması prosesində qeyri-peşəkarlığa və qeyri-obyektivliyə yol vermiş, daha çox səhifələrində Ermənistanın əsassız mövqeyinə yer ayırmışlar. Azərbaycanın haqlı mövqeyi isə təəssüf ki, Britaniya mediasında demək olar əks olunmamışdır. Sumqayıt hadisələri haqqında təhrif olunmuş məlumatları əsas xəbər başlıqları sırasına çıxaran Böyük Britaniya mediası Xocalı soyqırımı haqqında qısa informasiya verməklə işini bitmiş hesab etmişdir. Löv belə vəziyyətin yaranması səbəbi kimi bir neçə amili qeyd etmişdir: erməni diasporunun Avropadakı fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərinin Britaniya mediası tərəfindən araşdırılmaması, münaqişənin xristian-müsəlman savaşı kimi təqdim edilməsi və s.
Tədqiqat işinin yekununda müəllif təəssüflə qeyd edir ki, məhz Britaniya mediasının Dağlıq Qarabağ probleminə birtərəfli və qərəzli yanaşması nəticəsində ilk illərdə ölkə ictimaiyyətinin bu münaqişəyə baxışı daha çox Ermənistanın mövqeyi ilə üst-üstə düşürdü.
Çıxış edən digər iştirakçılar da Britaniya mətbuatının Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi faktına dair fikrilərini bildirmiş, keçirilən tədbirin əhəmiyyətini vurğulamışlar.