Böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün klasterləşdirmə alqoritmləri işləniləcək
Bakı, 11 fevral, AZƏRTAC
Cari ildə böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması, e-elmin formalaşması, natamam informasiya şəraitində idarəetmə, identifikasiya problemləri üzrə tədqiqatlar aparılacaq.
İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu barədə Elmi Şuranın növbəti onlayn iclasında şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev məlumat verib.
O, məruzəsində vurğulayıb ki, rəhbərlik etdiyi şöbədə qeyd olunan elmi araşdırma istiqamətləri çərçivəsində “Böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün klasterləşdirmə alqoritmlərinin işlənilməsi”, “Python mühitində böyük həcmli məlumatların klasterləşdirilməsi üçün DBSCAN alqoritminin modifikasiyalarının işlənilməsi”, “Python mühitində k-means alqoritminin modifikasiyasının işlənilməsi”, “Klasterləşdirmənin keyfiyyətinin qiymətləndirilməsi indekslərinin araşdırılması və onların müqayisəli təhlili”, “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi”, “Natamam informasiya şəraitində texniki sistemlərin intellektual idarə edilməsinin metod və alqoritmlərinin yaradılması”, “Maye dempferli rəqsvarı sistemlərin hərəkətinin diskret modelinin qurulması” və sair mövzular tədqiq olunacaq.
Məruzəçi qeyd edib ki, il ərzində aparılacaq elmi-tədqiqat işləri ilə yanaşı, şöbə əməkdaşlarının müxtəlif beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlarda iştirakı, eləcə də “Web of Science”, “Scopus” və digər elmi bazalarda (EBSCO, DBLP, ACM, Google Scholar və s.) indeksləşən jurnallarda elmi məqalələrinin dərc etdirilməsi nəzərdə tutulur.
Beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına dair görüləcək tədbirlərdən söz açan R.Alıquliyev bu məqsədlə şöbənin Avstraliya Federasiya Universiteti və dünya elmi mərkəzləri, eləcə də ali məktəbləri ilə elmi əlaqələrini davam etdirəcəyini diqqətə çatdırıb.
Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim tədqiqatların daha da dərinləşdirilməsini, şöbənin elmi-nəzəri fəaliyyətinin gücləndirilməsini tövsiyə edib və kadr potensialının artırılmasının vacibliyini vurğulayıb.
Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı təsdiq olunub.