BÖYÜK İPƏK YOLU DİGƏR BEYNƏLXALQ NƏQLİYYAT DƏHLİZLƏRİ İLƏ RƏQABƏT APARMAQ İMKANINDADIR
HKDK-nın baş katibi Abdurəşid Tagirov mətbuat konfransını açaraq karvanın Böyük İpək Yolu (BİY) ilə hərəkət etməsinin əhəmiyyətindən, Baş nazirin müavini Abid Şərifov ölkəmizin tranzit imkanlarından və Avrasiya beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsində avtomobil və dəmir yollarının dünya standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlərdən, Avropa Birliyinin respublikamızdakı xüsusi elçisi Antonius W.De Vries AB-nin və bu qurumun üzvü olan dövlətlərin BİY-in inkişafına göstərdikləri yardımdan, “Dornier Consultinq” şirkətinin prezidenti Herberd Qruenvald avtomobil karvanının hərəkət etdiyi yolun rahatlığından, “Daymler Kraysler Qroup” korporasiyasının vitse-prezidenti Klaus Maier isə nüfuzlu beynəlxalq şirkətlərin bu nəqliyyat dəhlizinə böyük maraq göstərməsindən danışmışlar.
Natiqlər qeyd etmişlər ki, Prezident Heydər Əliyev Böyük İpək Yolu ideyasının gerçəkləşməsində əvəzsiz xidmətlər göstərmişdir. Məhz bu xidmətlərin nəticəsidir ki, qısa müddətdə TRASEKA fəaliyyətə başlamışdır.
Cıxış edənlər bildirmişlər ki, bu avtokarvanın təhlükəsiz və ləngimədən gəlib Bakıya çatması bir daha təsdiq etmişdir ki, Böyük İpək Yolu digər beynəlxalq nəqliyyat dəhlizləri ilə rəqabət aparmaq imkanındadır.
Məlumat verilmişdi ki, avtomaşın karvanı sentyabrın 20-də saat 16-dan başlayaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “Merkuri-1” gəmi-bərəsinə yüklənəcəkdir. Əməliyyat başa çatandan sonra gəmi-bərə Türkmənistanın Türkmənbaşı limanına yola düşəcəkdir.