BP-NİN NÜMAYƏNDƏLƏRİ “BAKI FƏHLƏSİ” ZAVODUNDA OLMUŞLAR
Şirkətin ofisindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, məqsəd bp-nin indiki podratçısı - SGB Denholm Ltd. şirkəti ilə görüşmək və zavodun özünün imkanlarını qiymətləndirmək idi.
Məlum olduğu kimi, “Bakı fəhləsi” zavodu keçmiş Sovet İttifaqında neft mədənləri üçün avadanlıq istehsal edən iri müəssisələrdən biri kimi tanınmışdı. Hazırda zavod fəaliyyət dairəsini genişləndirir, yerli və beynəlxalq bazarlarda öz yerini tutmağa çalışır.
SGB Denholm Ltd. şirkəti ilə əməkdaşlığı zavodun uğurlu addımlarından biri hesab etmək olar. Bu şirkət zavodun istehsal sexlərini və anbarlarını icarəyə götürür. Əsas məqsədlərdən biri zavodun sexlərini və avadanlığını Avropa standartlarına uyğunlaşdırmaqdır.
SGB Denholm Ltd. şirkəti və “Bakı fəhləsi” zavodu özlərinin biznes-profilinin yaxşılaşdırılması üzərində birgə işləyirlər. Fəaliyyət dairəsi genişləndiyindən şirkətin daha çox sexə və anbara ehtiyacı var. Odur ki, istehsalın maliyyələşdirilməsini yaxşılaşdırmaq və onun potensialını artırmaq üçün bu müəssisəyə getdikcə daha çox vəsait ayrılır.