REGİONLAR
BQXK-nın nümayəndəsi saxlama yerlərinə başçəkmələrə yaratdığı şəraitə görə Azərbaycana minnətdarlıq edib
Naxçıvan, 22 noyabr, AZƏRTAC
Sonuncu dəfə saxlama yerlərinə başçəkmələr bu ilin oktyabrın sonu, noyabrın əvvəlində baş tutub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvanda jurnalistlərə müsahibəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç bildirib.
Başçəkmələrə yaratdıqları şəraitə görə dövlət qurumlarına minnətdarlıq edən D.Kojiç deyib: “BQXK bu illər ərzində müxtəlif dövlət qurumları ilə çox sıx əməkdaşlıq edərək müxtəlif layihələr həyata keçirib. Bu layihələrin həyata keçirilməsində dövlət orqanları ilə bərabər, müxtəlif tərəfdaşlarımız da var ki, onlardan bizə ən yaxını, əlbəttə, Azərbaycan Qızıl Aypara Cəmiyyətidir. Bu qurumun istər əməkdaşları, istərsə də könüllüləri ilə birlikdə bir neçə layihə həyata keçirmişik”.
O qeyd edib ki, BQXK-nın əməkdaşları müntəzəm olaraq Azərbaycanda saxlanılan ermənilərə, həmçinin Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkirlər. Bu başçəkmələr zamanı BQXK-nın əməkdaşları həmin şəxslərin saxlanma şəraiti və onlara qarşı rəftarla maraqlanırlar. Onlar, eyni zamanda, bu şəxslərin ailələri ilə əlaqə yaradılması üçün şəraitin olub-olmamasını yoxlayır və buna imkan yaradırlar. Təbii ki, bu fəaliyyət konfidensial xarakterlidir. Bu fəaliyyətlərin nəticəsi ancaq əlaqədar qurumlarla ikitərəfli surətdə paylaşılır və müzakirə edilir.