Braziliya aviakompaniyası “Boeing 737 MAX” təyyarələrinin uçuşlarını bərpa edir
Bakı, 9 dekabr, AZƏRTAC
Braziliyanın “GOL” aviakompaniyası dünyada ilk dəfə olaraq “Boeing 737 MAX” təyyarələrinin kommersiya uçuşlarını bərpa edəcək.
AZƏRTAC “O Globo” nəşrinə istinadla xəbər verir ki, aviakompaniya artıq dekabrın 9-dan etibarən bu tip avialaynerlərin uçuşlarını həyata keçirəcək. “GOL” cari ilin sonlarına qədər balansında olan yeddi ədəd “Boeing 737 MAX” təyyarəsinin istifadəsinə başlayacaq.
Aviakompaniyadan bildiriblər ki, 20 ay ərzində bu təyyarələrin təhlükəsizliyi ilə bağlı məsələləri diqqətlə öyrəniblər.
Xatırladaq ki, “Boeing 737-MAX” təyyarələrinin uçuşları iki aviaqəzadan sonra 2019-cu ilin martında dayandırılmışdı. “Ethiopian Airlines” aviakompaniyasına məxsus bu model təyyarənin 2019-cu il martın 10-da qəzaya uğraması nəticəsində 157 nəfər həlak olmuşdu. Bundan bir müddət əvvəl - 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasının eyni modelli təyyarəsinin qəzaya uğraması 181 sərnişinin və 8 ekipaj üzvünün ölümü ilə nəticələnmişdi.
ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) “Boeing” kompaniyasından iki aviaqəzaya səbəb olmuş problemlərin həlli üçün “737-MAX” təyyarələrinin proqram təminatında və avadanlığında dəyişikliklər olunmasını, habelə bir sıra digər nasazlıqların aradan qaldırılmasını tələb edib.
Noyabrın 18-də FAA “Boeing 737 MAX” təyyarələrinin istifadəyə qaytarılmasına icazə verib. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi isə hələ oktyabr ayında bildirmişdi ki, “737 MAX”-ın proqram təminatına və avadanlığına olunan dəyişiklik laynerləri yetərincə təhlükəsiz etdiyindən onlar 2020-ci ilin sonlarına qədər Avropanın hava məkanında uçuşlarını bərpa edə bilər.