BRAZİLİYA HƏRBİ KƏŞFİYYATIN SƏNƏDLƏRİNİ MƏXFİLİKDƏN ÇIXARACAQ
Prezidentin fərmanına uyğun olaraq, bütün sənədlər dekabrın 31-dək Braziliya Milli Arxivinə verilməlidir. Bu əmr “Son dərəcə məxfi” qrifli sənədlərə aid deyil, çünki onların üzə çıxarılması orada adları çəkilənlərin həyatını təhlükə qarşısında qoya bilər.
Məxfi materialların dərc edilməsi uğrunda kampaniya 2002-ci ildə başlanmışdır. Da Silvanın sələfi Prezident Fernando Enrike Kardozo öz vəzifəsini tərk etməzdən əvvəl Braziliya hərbi kəşfiyyatının bütün sənədlərini onlar yaradıldığı vaxtdan 50 il müddətinə məxfiləşdirmək barədə fərman imzalamışdır.
2004-cü ildə “Korreyu Brazilensi” qəzeti başı kəsilmiş adamın fotoşəklini dərc etdikdən sonra bu kampaniya yenidən güclənmişdir. Jurnalistlərin məlumatına görə, həmin adam siyasi məhbus idi.
Braziliya hərbçiləri hərbi diktatura dövrünə aid sənədlərin dərc edilməsinə uzun müddət müqavimət göstərmişlər. 1979-cu ildə ümumi amnistiya keçirilmişdir. Amnistiyaya uyğun olaraq, solçu partizanlar və hərbçilər siyasi xarakterli cinayətlər törətdiklərinə görə məhkəmə təqiblərindən azad edilmişdilər.
Hüquq müdafiəçilərinin fikrincə, sənədlərdə xunta tərəfindən tutulmuş adamlar, məhbuslara işgəncələr verilib-verilmədiyi və onların sonrakı talelərinin necə olduğu barədə məlumatlar ola bilər.