BRİTANİYA MƏHKƏMƏSİ TİBB EKSPERTLƏRİNİ KOBUD SƏHVLƏRƏ GÖRƏ CƏZALANDIRMAĞA İCAZƏ VERMİŞDİR
Bir qədər əvvəl Ali Məhkəmə Midounu həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edən Baş Tibbi Şuranın qərarını ləğv etmişdi. Midounun verdiyi səhv tibbi tövsiyə üzündən britaniyalı qadın azyaşlı iki övladını qətlə yetirməkdə təqsirli sayılmışdı. Sonra həmin ittihama yenidən baxılmış və müttəhim bəraət qazanmışdır. Ali Məhkəmənin qərarına görə, məhkəmə proseslərində iştirak edən bütün tibb işçiləri Şuranın yurisdiksiyasında deyildir.
Apellyasiya Məhkəməsi bu qərarı ləğv etsə də, Ali Məhkəmənin doktor Royun peşə etikası normalarını kobud surətdə pozmaqda təqsirli olmaması barədə qərarını əsaslı saymışdır. Şuranın icraçı direktoru Finley Skott demişdir: “Cəmiyyət əmin olmalıdır ki, məhkəmə proseslərində iştirak edən həkimlər və digər peşəkarlar, lazım gələrsə, nəzarət orqanları tərəfindən məsuliyyətə cəlb oluna bilərlər. Apellyasiya Məhkəməsi bizim rəyimizi təsdiq etmişdir ki, Baş Tibbi Şura cəmiyyəti davranışı standartlara uyğun gəlməyən həkimlərdən müdafiə edə bilər”.
1999-cu ildə iki azyaşlı oğlunun qətlə yetirilməsində təqsirli sayılan qadının cinayət işi ilə bağlı prosesdə doktor Midou iki uşağın az vaxtda bir evdə öz əcəli ilə ölə biləcəyi ehtimalını 1-in 73 milyona nisbətində qiymətləndirmişdir. Müttəhim ikiqat qətl hadisəsində təqsirli bilinmişdir. Lakin Apellyasiya Məhkəməsi 2003-cü ildə bu qərarı ləğv etmişdi.