Britaniyada partiya lideri deputat mandatından istefa verib
London, 7 iyul, AZƏRTAC
Böyük Britaniyada Reform UK partiyasının lideri Naycel Faraj Klakton seçki dairəsi üzrə deputat mandatından istefa verdiyini və bunun nəticəsində keçiriləcək təkrar parlament seçkilərində yenidən namizəd olacağını bəyan edib.
AZƏRTAC xəbər verir ki, siyasətçi videomüraciətində bildirib ki, Klakton seçicilərinin onun fəaliyyəti barədə qərar verməsini istəyir. İstefa qərarı son günlər N.Farajın maliyyə dəstəyi ilə bağlı yaranan mübahisələr fonunda verilib. Məlumata görə, o, uzunmüddətli müttəfiqi Corc Kottreldən aldığı təhlükəsizlik və işçi heyəti kimi bəzi üstünlükləri parlament qaydalarına uyğun şəkildə bəyan etməməkdə ittiham olunur.
Nigel Faraj ittihamları qətiyyətlə rədd edərək bildirib ki, heç bir qanunu pozmayıb. O, mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini və ailəsinin əsassız təzyiqlərə məruz qaldığını söyləyib.
Reform UK lideri, həmçinin parlament standartları üzrə nəzarət orqanının araşdırmasının siyasi məqsədlərlə istifadə edildiyini iddia edib. O, partiyanın əsas donorlarından Kristofer Harborndan 2024-cü ilin əvvəlində aldığı 5 milyon funt sterlinq məbləğində vəsaitin şəxsi təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulduğunu bildirib. Faraj qeyd edib ki, ömrünün sonuna qədər təhlükəsizliyini təmin etmək üçün bu maliyyəyə ehtiyac duyur və özünü müasir dövrün ən çox fiziki və şifahi hücumlara məruz qalan siyasətçilərindən biri hesab edir.
Deputat mandatından istefa ilə əlaqədar Klakton seçki dairəsində keçiriləcək təkrar seçkilərin tarixi yaxın günlərdə açıqlanmalıdır. N.Faraj həmin seçkidə qalib gələrək parlamentə qayıtmaq niyyətində olduğunu vurğulayıb.