Britaniyalı rejissor Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb
Bakı, 16 mart, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində britaniyalı rejissor xanım Hannah Eidinau və Londonda fəaliyyət göstərən “Aloff” teatrının rəhbəri Sənan Əliyev ilə keçirilən görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə məlumat verilib.
Dövlətqaçqınkomun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurumun sədr müavinləri Gəray Fərhadov və Fuad Hüseynov ilə martın 16-da keçirilən görüşdə qonaqların diqqətinə çatdırılıb ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib.
Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, milli-mədəni sərvətlərimizin talan edildiyi, bütün infrastrukturun dağıdıldığı diqqətə çatdırılıb.
Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Bu münaqişə təkcə Cənubi Qafqaz regionu deyil, bütün dünya üçün təhlükədir. Çünki Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən hazırda narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir, müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır. Təcavüzkar Ermənistan ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib.
Qeyd edilib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 94 müasir qəsəbə salınıb. 243 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir. Eyni zamanda, Azərbaycan hökuməti məcburi köçkünlərin Qarabağa “Böyük qayıdış” proqramını hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunub.
Azərbaycana səfəri barədə məlumat verən rejissor xanım Hannah Eidinau bildirib ki, səfər çərçivəsində bir sıra görüşlər keçirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri ilə bağlı məlumatlı olduğunu deyən qonaq qeyd edib ki, bu münaqişə bütün region üçün ciddi problemdir. O deyib ki, səfərin əsas məqsədi Xocalı soyqırımı barədə ingilis dilində sənədli teatr səhnəsinin hazırlanması və Avropa ölkələrində nümayiş etdirilməsidir.
Sonda qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim olunub.