Brüsseldə verilmiş bəyanatlar NATO-nun müharibədən sonra yaranmış reallıqları qəbul etməsi kimi qiymətləndirilməlidir
Bakı, 15 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin Brüssel səfəri çərçivəsində NATO-nun Baş katibi ilə görüşməsi və Alyansın Şimali Atlantika Şurasının iclasında iştirak etməsi 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış vəziyyəti, eyni zamanda, ölkəmizlə transatlantik alyans arasında münasibətləri müzakirə etmək baxımından önəmli hadisə oldu. Tərəflər arasındakı görüşlərdə Azərbaycanın Şimal Alyansının beynəlxalq sülh və təhlükəsizliyin qorunması məqsədilə edilən cəhdlərinə dəstək verməsi, həmçinin Əfqanıstanda uzun illər həyata keçirilən “qətiyyətli dəstək” missiyasında iştirak etməsi yüksək qiymətləndirilib.
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov deyib.
O bildirib ki, bu münasibətlərin təməli hələ 1990-cı illərdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və həmin vaxtdan etibarən yüksələn xətlə davam edib: “1994-cü ildə ölkəmiz Sülh Naminə Tərəfdaşlıq (SNT) çərçivə sənədini imzalayıb. Müqavilə bağlanan müddətdən indiyə kimi Prezident İlham Əliyev NATO-nun mənzil qərargahında 6 dəfə səfərdə olub. Həmçinin NATO-nun Baş katibləri isə Azərbaycana 3 dəfə səfər ediblər. Əlbəttə, bu görüşlərdə Azərbaycan üçün ən yüksək əhəmiyyət daşıyan məqamlardan biri Şimal Alyansının ölkəmizin ərazi bütövlüyü və suverenliyinə növbəti dəfə dəstək göstərməsi oldu. Azərbaycanla NATO arasında əlaqələrin qurulduğu ilk illərdən etibarən bu mövqeyin qurum tərəfindən dəfələrlə təkrarlandığını qeyd edən Vasif Hüseynov deyib: “Məhz bunun nəticəsidir ki, 44 günlük müharibə vaxtı Ermənistanın NATO-dan ölkəmizə qarşı istifadə etməsi cəhdləri iflasa uğradı. Həmin vaxt Brüsselə səfər edən və NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşən Ermənistan Prezidenti Armen Sarkisyana mədəni şəkildə izah olundu ki, NATO Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olmur”.
Vasif Hüseynov əlavə edib ki, əlaqələrin davamı olaraq, bu ilin iyun ayında Brüsseldə keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bəndin çıxarılması NATO-nun müharibədən sonra yaranmış reallıqları qəbul etməsi kimi qiymətləndirilməlidir.
Ölkəmizlə NATO arasında mövcud olan əlaqələr və Prezident İlham Əliyevin Brüssel səfəri vaxtı alyansın nümayəndələri ilə uğurlu görüşləri onu deməyə əsas verir ki, ikitərəfli münasibətlər gələcəkdə də inkişaf edəcək. Şimali Atlantika Şurasında keçirilən iclasda Azərbaycan və NATO silahlı qüvvələri arasında operativ hərbi uzlaşma sahəsində irəliləyişin müzakirə edilməsi müsbət irəliləyişlərin getdiyini göstərir. Bununla bərabər ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun yüksək qiymətləndirilməsi və Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun standartlarına uyğunlaşdırılması istiqamətində atılan addımlar da bu baxımdan önəmli məqamlardır.