Bu gün cüdoda tətbiq edilən yeni qaydalarla bağlı seminar start götürəcək
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Beynəlxalq Cüdo Federasiyasının (IJF) 2022-2024-cü illər Olimpiya dövrü üçün elan etdiyi yeni qaydalar haqqında seminar start götürəcək.
AZƏRTAC xəbər verir ki, beynəlxalq dərəcəli hakim Vladimer Nutsubidze tərəfindən keçiriləcək seminarda hakimlərlə yanaşı, Azərbaycanın milli komandalarının məşqçiləri və idmançıları, həmçinin müxtəlif klubların, cəmiyyətlərin və idman komandalarının məşqçiləri iştirak edəcəklər.
İki gün davam edəcək seminarın ilk günü Bakı Olimpiya Stadionunda yerləşən "Neftçi" idman klubunun təlim-məşq mərkəzində, ikinci günü isə “Atilla” və “Cüdo 2012” idman klublarının təlim-məşq mərkəzlərində keçiriləcək.
Seminarın əsas məqsədi Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi son dəyişikliklərin hakimlər, məşqçilər və idmançılar tərəfindən mənimsənilməsidir.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidze Avropa, dünya çempionatı və Olimpiya Oyunlarının final mərhələlərini idarə edib. Eyni zamanda, 2017-ci ildə Avropa Cüdo Birliyi tərəfindən “Ən yaxşı kişi hakim” seçilib.