Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan xalqını təbrik edirəm. Doğrudan da, doğma divarlar arasında çox möhtəşəm uğurlar əldə etdik. Vətəndə güləşmək bir tərəfdən rahat, digər tərəfdən isə çox çətindir. Rahatdır, azarkeşlərimiz yanımızdadır. Çətinliyi isə ondadır ki, idmançılarda müəyyən narahatlıq yaranır. Azarkeşləri, yaxınlarını tribunada görürlər və bu da onlar üçün müəyyən təzyiq yarada bilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, idmançılar, məşqçilər, həkimlər və federasiya olaraq hamı əlindən gələni edib: “Nəticədə bu gözəl nailiyyəti qazandıq. Bu uğurları davam etdirməliyik. Qarşıda yenidən Avropa çempionatı və dünya çempionatı kimi yarışlar var. Artıq bu dünya çempionatı göstərdi ki, komandamız növbəti mundiala da hazırdır. Düşünürəm ki, bundan da yaxşı nəticələr əldə edəcəyik”.
Xatırladaq ki, Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları yeddi medalla bitiriblər. Bunlardan 1-i qızıl, 2-si gümüş, 4-ü bürünc mükafat olub. Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub. Zelim Tçkayev (81 kiloqram) və Uşanqi Kokauri (100 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram), Ömər Rəcəbli (81 kiloqram), Murad Fətiyev (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) bürünc medala sahib çıxıblar.