Bu gün DTİHB Azərbaycanın imicinin ziddinə deyil, özünün ziddinə işləyir
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Milli Məclisinə seçkilərdə MDB Parlamentlərarası Assambleyasından beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi Leonid Slutski Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar mətbuat konfransında vaxtilə məhz ATƏT məkanında müxtəlif səviyyəli seçkilərin demokratikliyini izləmək üçün yaradılmış DTİHB-nin (ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqlarının Bürosunun) Azərbaycanda seçkilərin müşahidəsindən imtina etməsini şərh edərək, bunu ən azı qəribə hərəkət adlandırıb.
Leonid Slutski deyib: “Ola bilsin ki, Azərbaycan dövlətinin başçısının müstəqil siyasəti Qərbdə bəzi siyasi dairələri qane etmir. Nəticədə onlar, ən azı öz davranışı ilə, özlərini bugünkü Azərbaycanın və Azərbaycan rəhbərliyinin yürütdüyü kursun opponentləri kimi göstərməyə başlayıblar. Deməliyəm ki, seçkilərin nəticələrindən asılı olmayaraq biz bunu qeyri-obyektiv və pozucu fəaliyyət xətti hesab edirik. Azərbaycan rəhbərliyinin ölkəni postsovet məkanında ən firavan ölkələrdən birinə, Xəzər dənizi regionunda və bu regionun hüdudlarından uzaqlarda ən ciddi tərəfdaşlardan birinə çevirməyə yönəldilmiş addımlarını alqışlamaq əvəzinə, Azərbaycan dövlətinin hər hansı uğurları, onu tənqid etmək və bizim fikrimizcə tamamilə qeyri-obyektiv qətnamələr qəbul etmək üçün bir mövzu kimi tamamilə əks mövqedən təqdim olunur.
Mənim fikrimcə, Milli Məclisə seçkilər Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin Prezidentin, dövlət başçısının kursu ətrafında sıx birləşməsi və əlbəttə, bu gün təcrübədə tətbiq edilən seçki texnologiyalarının müasirliyini inandırıcı şəkildə nümayiş etdirir. DTİHB sadəcə neqativ məqamlar tapa bilməyəcək, belə məqamlar yoxdur. Görünür, elə bu səbəbdən, DTİHB-dən olan həmkarlarımız qərara alıblar ki, bir halda ki neqativ yoxdur, onda buraya gəlməyə dəyməz, çünki çətin olacaq. Əslində olmayan neqativi hər dəfə uydurmaq getdikcə daha çətin olacaq. Qaranlıq otaqda qara pişik axtarmaq, xüsusən əgər pişik orada yoxdursa, çətin məsələdir.
Azərbaycanla, onun uğurları ilə bağlı hər bir faktın, o cümlədən seçki praktikasının təkmilləşdirilməsinin qəsdən inkar edilməsi, əlbəttə, DTİHB-dən olan həmkarlarımıza baş ucalığı gətirmir. Beləliklə, bu gün DTİHB Azərbaycanın imicinə qarşı deyil, özünə qarşı işləyir. O, Azərbaycan Mərkəzi Seçki Komissiyasına qarşı deyil, özünə qarşı işləyir, onun Qərbin müxtəlif siyasi istəklərinə və sifarişlərinə məruz qalmış struktura çevrilməsi göz qabağındadır. Onların mövqeyi belədir: əgər neqativ məqamlar yoxdursa, amma belə məqamlar göstərmək lazımdırsa, biz sadəcə oraya getmirik. Bu mövqe DTİHB-ni çox cəhətdən hörmətdən salır və belə deməyə əsas verir ki, bugünkü DTİHB artıq öz dövrünü başa vurub.
DTİHB siyasi sifarişlərlə, müxtəlif göstərişlərlə deyil, hadisələrə, o cümlədən ATƏT-in iştirakçıları olan ölkələrdə müxtəlif səviyyəli seçkilərə obyektiv, qərərsiz və peşəkar qiymət vermək üçün işləməlidir.