QAN YADDAŞI
Bu gün müstəqil ölkədə rahat, sakit yaşadığımız üçün şəhidlərimizə borcluyuq
Bakı, 20 yanvar, Maqsud Dadaşov, AZƏRTAC
20 Yanvar gecəsi yaşanan dəhşət yaddaşımızdan heç vaxt silinə bilməz, bu ağrı hələ də qəlbimizi incidir.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətə gələn Bakı sakini Rəsmiyyə Vahidova AZƏRTAC-a müsahibəsində deyib.
R.Vahidova qeyd edib ki, bu gün şəhidlərimizin, ölkəmizin müstəqilliyi uğrunda canından keçən həmvətənlərimizin ruhunu yad etmək, Şəhidlər xiyabanına gələrək həmin günün hüznünü şəhidlərin yaxınları ilə bir yerdə yaşamaq hər bir azərbaycanlının borcudur.
Yanvarın 19-dan 20-nə keçən gecə yaşananların xalqımızı sanki silkələdiyini deyən R.Vahidova növbəti gün küçələrə axışan böyük izdihamın şahidi olduğunu vurğulayıb. O deyib: “Bu gün müstəqil ölkədə rahat, sakit yaşadığımız üçün biz həmin gecənin qurbanlarına borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.