Bu ilin altı ayında səksəndən çox gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub
Bakı, 18 avqust, AZƏRTAC
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ədliyyə və məhkəmə sistemində də islahatlar aparılır. Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, yeniliklər və innovasiyaların tətbiq olunması, o cümlədən kadr islahatlarının aparılması barədə Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyət mütəmadi olaraq dolğun və operativ məlumatlandırılır. Xüsusi karantin rejimi dövründə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunmaqla əhaliyə xüsusi maraqlı olan mövzularda birbaşa bağlantılar təşkil olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
Bu işdə nazirliyə daim dəstək göstərən bütün KİV-lərə, vətəndaş cəmiyyəti nümayəndələrinə minnətdarlığını bildirən Aynur Sabitova qeyd edib ki, belə kommunikasiya xüsusilə indiki qlobal pandemiya şəraitində əhalinin hüquqi maarifləndirilməsində və şəxsi qəbulların təxirə salındığı bir dövrdə vətəndaşların müraciətlərinin cavablandırılmasında mühüm rol oynayır.
Bildirilib ki, ədliyyə fəaliyyətində müasir texnologiyaların tətbiqi genişləndirilir, o cümlədən elektron xidmətlərinin sayı artırılır, onların mobil versiyaları hazırlanır. Bu barədə KİV-lərlə görüşlərdə, təqdimatlarda, ictimai müzakirələrdə, mətbuat konfranslarında və brifinqlərdə məlumat verilib.
“Kadr məsələsinə gəlincə isə bildirməliyəm ki, təkcə cari ilin altı ayında 80-dən artıq gənc ədliyyə orqanlarına qulluğa qəbul olunmuş, 70 işçinin rotasiyası aparılıb. Eyni zamanda, son dövrdə fəaliyyətində pozuntulara və ciddi nöqsanlara yol verən 400 ədliyyə işçisi, o cümlədən 40 icra xidməti əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Cəza almışlardan 25 nəfəri ədliyyə orqanlarından xaric olunub, 12-si məsul vəzifəsindən azad edilib. Hətta 5-i barədə materiallar istintaqa göndərilib. Bir məqamı da xüsusilə qeyd etməliyəm ki, 16 nəfər ədliyyə işçisi xüsusi karantin rejimi tələblərini pozduqlarına görə cəzalanıb. Bundan əlavə, nazirlikdə son zamanlar aparılan kadr islahatları çərçivəsində bir neçə baş idarə və idarələrin rəhbərliyi yenilənib, o cümlədən də İcra Baş idarəsinin rəisi tutduğu vəzifəsindən azad edilib. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, son günlər bəzi sosial şəbəkə səhifələrində və xəbər portallarında bununla bağlı sensasiya xətrinə dezinformasiya xarakterli statuslara, yazılara, hətta canlı yayımda qərəzli uydurma çıxışlara rast gəlinir.
Odur ki, hörmətli və dəyərli sosial şəbəkə istifadəçilərindən, KİV nümayəndələrindən, vəkillərdən və digər peşə mənsublarından hansısa və ya kimlərinsə maraqları ucbatından təqdim edilən şayiə xarakterli qərəzli məlumatlara inanmamağı və onları dəqiqləşdirmədən yaymaqdan həqiqət naminə çəkinməyi xahiş edirəm”, - deyə idarə rəisi vurğulayıb.