Bu ilin birinci rübündə Qəbələni ziyarət edən yerli turistlərin sayı 50 faiz artıb VİDEO
Qəbələ, 16 may, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında Qəbələ şəhərinin hotel və mehmanxana tipli obyektlərinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2421 nəfər və ya 13,6 faiz artıb.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı Qəbələ rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin yanvar-mart aylarında yerli turistlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 4507 nəfər və ya 49,9 faiz artma, əcnəbi turistlərin sayında isə 2086 nəfər və ya 23,7 faiz azalma qeydə alınıb.
İdarə rəisinin sözlərinə görə 2026-cı ilin yanvar-mart aylarında rayona gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edərək 2356 nəfər olub, bununla yanaşı Səudiyyə Ərəbistanından 1473 nəfər, Birləşmiş Ərəb Əmirliklərindən 436 nəfər, Pakistandan 236 nəfər, Küveytdən 234 nəfər, Bolqarıstandan 192 nəfər, Rusiyadan 173 nəfər, İsraildən 115 nəfər, Türkiyədən 106 nəfər, Omandan 104 nəfər, Qətərdən 83 nəfər, ABŞ-dən 44 nəfər, Ukraynadan 38 nəfər digər ölkələrdən isə 1115 nəfər turist Qəbələdə qonaq olublar.
2026-cı ilin mart ayında turizm obyektlərində işçilərin orta sayı 1060 nəfər olub ki, onlardan 285 nəfərini qadınlar, 53 nəfərini turizm və hotelçilik ixtisası üzrə təhsil alan mütəxəssislər, 10 nəfərini isə əcnəbi işçilər təşkil edib.
Ayaz İsgəndərovun verdiyi məlumata görə, Qəbələ rayonu ərazisində ilin yanvar-mart aylarında 23 mehmanxana və mehmanxana tipli obyektdən 15-i fəaliyyət göstərib: “2026-cı ilin yanvar-mart aylarında hotel və mehmanxanalarda 6922 çarpayı - yerdən istifadə olunub. Bir gün qalmaq üçün orta qiymət 124,6 manat təşkil edib və turistlərin qalma müddəti 1-2 gün olub. Hotel və mehmanxana tipli obyektlərə 20 min 243 nəfər yerləşdirilib, onların 13 min 538 nəfəri və ya 66,9 faizi Azərbaycan, 6705 nəfəri və ya 33,1 faizi xarici ölkə vətəndaşlarıdır”.
Müxbir - Rasim İslamoğlu