DÜNYA
Budapeşt hava limanı ətrafında parkinq bumu
Budapeşt, 9 sentyabr, AZƏRTAC
Budapeştin yeganə beynəlxalq aeroportu ətrafında hazırda maşın çoxluğundan, necə deyərlər, “iynə atsan, yerə düşməz”.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın “Potfolio” nəşri yazır.
Redaksiyanın rəyinə görə, bu, sözsüz ki, torpaq sahəsinə malik olan sahibkarlar və sərnişinlər üçün çox yaxşıdır. Lakin qələbəlik torpaq sahiblərinə daha sərfəlidir. Nəticədə onlar kiçik logistika şirkətlərinin fəaliyyətlərini genişləndirmək imkanlarını əllərindən alırlar. Ferents List adına hava limanında yeni parkinq sahələri demək olar ki, hər səhər açılır. Veçeşa tərəfdə, Aerozonanın Logistika bazasının arxasında və onun yaxınında yerqazan maşınlar işləyir. Onlar yeri hamarlayır, sonra yük avtomobili çınqıl gətirir, daha sonra yolbasan maşın bərkidir və hər şey hazırdır: “Parkinq. Biz xidmətinizdəyik!” lövhəsini qoymaq olar.
Hazırda aeroport yaxınlığında 20-dən artıq parkinq işləyir. Onlar bir-birinin qiymətini “öldürərək” qazanmağa çalışırlar: indi səkkizsaatlıq dayanacağın qiyməti 5800-9000 forint civarındadır (1 avro 325 forintə bərabərdir). Hər yerdə ayrıca ödəmə hesabına sərnişinlərin terminala çatdırılması xidmətləri həyata keçirilir. Həmçinin bir neçə üstüörtülü parkinq də fəaliyyət göstərir. Onların qiyməti 11-13 min forintdir, VIP yerlər üçün isə 16 min forint ödəməlisiniz. Qeyd etmək yerinə düşər ki, Ferihed aeroportunun özünün parkinqlərində tarif 9-11 min forint təşkil edir. Özü də bu parkinqlər terminaldan 250-900 metr aralıda yerləşir.
“Üllői út”un sonunda, keçmiş sovet kazarmasına tərəf, onunla üzbəüz və yanında əcnəbi investorlar əvvəllər bir neçə logistika obyekti tikmişdilər. Lakin onlar bütün sahəni sonadək tikə bilməyiblər. Artan tələbat ucbatından mövcud torpaq sahəsinin təxminən yarısı parkinq kimi quraşdırıldı. Kiçik özəl parkinq biznesi yaxşı inkişaf edir. Çünki Budapeşt aeroportu bilavasitə terminalın qarşısında planlaşdırdığı altımərhələli parkinqi tikməyib.
Adi yerüstü parkinqlərin açılması davam edir, lakin avtomobil nəqliyyatının artan axını səbəbindən vəziyyəti xilas etmək mümkün olmur (əlverişli boş yerlər sonsuz deyil). İri beynəlxalq daşınmaz əmlak agentlikləri hava limanından 3-4 kilometr radiusda bir-iki iri boş sahə (20-30 hektar) satmağa cəhd göstəriblər.
Sənaye tikintisi üçün nəzərdə tutulan iri sahələrə qoyulan qiymətlər bu ərazidə bir kvadratmetrə 30-35 forint təşkil edir. Üstəlik bu qiymət bir neçə hektar sahə alındığı təqdirdə müəyyən edilib. Parkinq üçün alınan kiçik sahələrin qiyməti yuxarı ola bilər. Lakin sahibkarlar müvafiq pulu ödəməyə hazırdırlar. Bundan başqa, bəzi sahələri hasarlamaq lazımdır ki, buna görə də əlavə vəsait tələb olunur. Bununla yanaşı, parkinq biznesi təkcə sərnişinlərdən qazanmır, həm də avtomobil nəqliyyatının kirayəsi ilə məşğul olan şirkətlərə də xidmət göstərir. Həmçinin aeroport ətrafındakı avtomobil yuma məntəqələri də yaxşı qazanır. Bu yaxınlarda hətta yük maşınları üçün də avtoyuma xidmətləri açılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt