“Buenos-Ayres-2018” Yeniyetmələrin olimpiya kəndi idmançıları qəbul etməyə hazırdır
Bakı, 24 may, AZƏRTAC
Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarının təşkilat komitəsi olimpiya kəndinin idmançıları qəbul etməyə hazır olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Oyunlar zamanı atletlər kəndinə 6286 sakin, o cümlədən idmançılar, məşqçilər və idman federasiyalarının nümayəndələri yerləşdiriləcək. Ümumilikdə burada yaşayış üçün 7016 çarpayı və 2300 nəfərlik yeməkxana olacaq. Bununla yanaşı, “Buenos-Ayres-2018” olimpiya kəndi iki həftə ərzində kiçik multidilli şəhərə çevriləcək.
Buenos-Ayres şəhərinin cənubunda yerləşən Villa Soldati rayonu olimpiya kəndinin açılması hesabına öz görünüşünü dəyişib: burada dövlət məktəbi, gündüz qulluğu müəssisələri açılıb, həmçinin yerli xəstəxananın üçüncü qulluq mərkəzinə çevrilməsi layihəsi həyata keçirilir.
Oyunlar başa çatdıqdan sonra bu mənzillər münasib kredit sistemi ilə satılacaq və 2019-cu ilin mart-aprel aylarında yeni sahiblərinə təhvil veriləcək.