“Bullyoz epidermolizin mozaikası” adlı beynəlxalq elmi dəyirmi masa keçirilib
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrası və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə əməkdaşlığı ilə 28 fevral – Beynəlxalq Nadir Rast Gəlinən Xəstəliklər Gününə həsr olunan “Bullyoz epidermolizin mozaikası” adlı dəyirmi masa keçirilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq elmi tədbir nadir xəstəliklər barədə maarifləndirmənin artırılması, erkən diaqnostika və müalicə imkanlarının yaxşılaşdırılması üçün mütəxəssislər, aidiyyəti dövlət və qeyri-dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunub.
Tədbirdə Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin müdafiəsi sektorunun müdiri Aynurə Zeynalova, İSİM-in direktoru Qəhrəman Haqverdiyev, beynəlxalq və yerli ekspertlər, mütəxəssislər tədbirdə iştirak ediblər.
Səhiyyə Nazirliyinin mütəxəssis eksperti-dermatoveneroloq, ATU-nun Dermatovenerologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Fərid Mahmudov tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, anadangəlmə bullyoz epidermoliz və ixtioz xəstəlikləri ilə bağlı aparılan fikir mübadiləsi ölkəmizdə mövcud vəziyyətin təhlili və əsas problemlərin müəyyənləşdirilməsi, diaqnostika, müalicə və dəstək mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasına öz töhfəsini verəcək.
Moskva vilayətində Rusiya Federasiyası Səhiyyə Nazirliyinin nadir xəstəliklər üzrə baş mütəxəssisi, tibb elmləri namizədi Yuliya Kotalevskaya, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin Respublika Dermatovenerologiya və Kosmetologiya üzrə Respublika Elmi-Təcrübi Mərkəzinin aparıcı elmi işçisi, tibb elmləri doktoru, professor Akram Rahmatov və həmin mərkəzin Genetik dermatozlar bölməsinin rəhbəri Mədəmin Xaldarbekov, Global Rare Diseases Eurasia şirkətinin tibb meneceri, farmokologiya üzrə fəlsəfə doktoru Pavel Fedosov sessiyalarda geniş təqdimatla çıxış ediblər.
Bulyoz epidermoliz xəstəliklərinin diaqnostikası, müalicəsi və reabilitasiyası üzrə aktual məsələlər ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparılıb.