Bundesliqa klubunda baş məşqçiyə ilk dəfə qadın köməkçi təyin edilib
Bakı, 16 noyabr, AZƏRTAC
Almaniyanın “Union” futbol klubu qadınlardan ibarət Çempionlar Liqasının qalibi Mari-Luize Etanın baş məşqçinin assistenti vəzifəsinə təyin edildiyini açıqlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, indiyədək qadınlar Almaniya çempionatının yüksək divizionunda bu vəzifəni tutmayıblar. Noyabrda Berlin klubunun rəhbərliyi komandanın ilk dəfə Çempionlar Liqasına çıxmasına nail olan ən uğurlu baş məşqçi Urs Fişerin vəzifəsindən azad edilməsi ilə bağlı qərar qəbul edib. “Union”un baş məşqçisinin səlahiyyətlərinin müvəqqəti icra edilməsi daha əvvəl klubun gənclər komandası ilə işləyən Marko Qroteyə həvalə olunub. Onun assistenti vəzifəsinə isə Akademiyanın komandasında analoji postu tutan Eta təyin edilib.
Mari-Luize Etanın 32 yaşı var, o, “Verder”, “Kloppenburq”, “Hamburq” və “Turbin Potsdam” klublarında çıxış edib və Almaniyanın üçqat çempionu adına layiq görülüb, ikiqat ölkə kubokuna sahiblənib və Çempionlar Liqasının qalibi olub. Eta həm də müxtəlif yaş qruplarında Almaniya gənc və yunior yığmalarının tərkibində oynayıb. 2008-ci ildə o, 17 yaşa qədər futbolçular arasında Avropa çempionatının, 2010-cu ildə isə 20 yaşadək futbolçuların dünya çempionatının qalibi titulunu əldə edib.
Eta futbolçu karyerası ilə vidalaşandan sonra “Verder”in gənclərdən ibarət komandalarında fəaliyyət göstərib. 2023-cü ildə o Pro məşqçi lisenziyasını əldə edib və 19 yaşadək futbolçuların “Union” komandasında Qrotenin assistenti kimi işə başlayıb.