Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir
İstanbul, 26 avqust, AZƏRTAC
Türkiyə Suriyada böhranın ilk günündən etibarən terror təşkilatlarının və xarici müdaxilələrin ölkəni parçalama cəhdlərinə qarşı prinsipial və qətiyyətli mövqe nümayiş etdirib. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ortaya qoyulan bu yanaşmanın əsasını Suriyanın gələcəyinin yalnız bu ölkə xalqının iradəsi ilə müəyyən edilməli olması anlayışı təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran səsləndirib.
Departament rəhbəri bildirib ki, hazırkı mərhələdə Suriya Demokratik Qüvvələrinin ləğvi, dövlət hakimiyyətinin ölkə üzrə gücləndirilməsi və müxtəlif sosial qrupların vahid siyasi platformada birləşdirilməsi mühüm irəliləyişdir. Suriya rəhbərliyinin inklüzivliyi əsas götürən addımları davam etdirməsi davamlı sabitliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd olunub ki, Türkiyənin “Terrorsuz Türkiyə” və “Terrorsuz bölgə” baxışı da bu yanaşmanın regional miqyasda ifadəsidir. Etnik, məzhəbi və sosial fərqlərin qarşıdurma vasitəsinə çevrilmədiyi, terror təşkilatlarının təsirindən azad, sərhədlərin və suverenlik hüquqlarının qorunduğu regional nizamın yaradılması olduqca vacibdir. “Çünki regionun bütün xalqları üçün əsl təminat parçalanmada və kənardan qəbul etdirilən layihələrdə deyil, ortaq gələcəkdə, sülh və sabitlikdədir. Türkiyə çirkin hesablamalara və müxtəlif ssenarilərə qarşı Suriyanın yenidən ayağa qalxmasını, xalqının bütün təbəqələrinin sülh və rifah içində yaşamasını dəstəkləməkdə davam edəcək”, - deyə Burhanettin Duran bildirib.