BUSBANK-IN 40 MİLYARD MANAT NİZAMNAMƏ KAPİTALI VAR
Bankın 200 milyard manatdan artıq aktivi olduğunu bildirən Zakir Zeynalov qeyd etmişdir ki, bu vəsaitin əsas hissəsi gəlir gətirəndir. Əldə olunan mənfəət hesabına bankın nizamnamə kapitalının məbləğinin artaraq 40 milyard manata çatdığını bildirən natiq qeyd etmişdir ki, bank məhdud lisenziya ilə fəaliyyət göstərdiyindən vəsaitin 25 milyard manatını yerləşdirməyə münasib yer tapa bilmir. Bank dörd il ərzində dövlət büdcəsinə 14 milyard manatdan artıq vəsait ödəmişdir.
2004-2005-ci illərin sərmayə proqramından danışan natiq bildirmişdir ki, bankın inkişafına, işin sağlamlaşdırılmasına iri həcmli sərmayə qoymaq nəzərdə tutulmuşdur.
Baş mühasibat kitabının avtomatlaşdırılması, filiallararası köçürmələr sisteminin qurulması və yeni proqram təminatı üçün 2003-cü ildə elan olunan müsabiqənin nəticələrinin yekunlaşmaq üzrə olduğunu deyən sədr diqqətə çatdırmışdır ki, yaxın vaxtlarda Dünya Bankının rəyi ilə müsabiqənin qalibi elan olunacaqdır.
Görülən işlər nəticəsində bu ilin sonuna qədər BUSBank-ın dünyanın ən yüksək texnologiyalı maliyyə qurumlarından birinə çevriləcəyini deyən natiq əminliklə bildirmişdir ki, bu tədbirlər respublikanın bütün bölgələrindəki filialların işinə mərkəzdən nəzarət etməyə imkan verəcəkdir.
BUSBank-ın özəlləşdirməyə hazır olduğu barədə məlumat verən Zakir Zeynalov axırda jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.