İDMAN
“Buta Golden” atçılıq klubunun üzvü “Sərhədçi kuboku” turnirinin qalibi olub
![](/files/galleryphoto/2018/2/1200x630/1535181137564143789_1200x630.jpeg)
![](/files/galleryphoto/2018/2/1200x630/15351811376514341802_1200x630.jpeg)
![](/files/galleryphoto/2018/2/1200x630/1535181137255462676_1200x630.jpeg)
![](/files/galleryphoto/2018/2/1200x630/153518113731326279_1200x630.jpeg)
Bakı, 25 avqust, AZƏRTAC
“Sərhədçi” atçılıq idman klubunun açıq manejində atçılığın konkur növü üzrə “Sərhədçi kuboku” turniri keçirilib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarış “E”, “M” və “S” kateqoriyaları üzrə təşkil olunub. “Sərhədçi kuboku” uğrunda mübarizədə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.
“E” kateqoriyası üzrə maneələrinin hündürlüyü 80-85 santimetr olan yarışda birinci yerə “A.Clinteus” ləqəbli atla Atçılıq məktəbinin idmançısı Səməd Əliverdiyev yüksəlib. İkinci yeri “Gilas” ləqəbli atla “Sərhədçi” klubunun idmançısı Dünyamalı Qurbanbəyov, üçüncü yeri “Emily Du Barbour” ləqəbli atla “Omar” klubunun idmançısı Nurlan Rüstəmov tutublar.
“M” kateqoriyası üzrə maneələrinin hündürlüyü 120-125 santimetr olan yarışda ilk pilləyə “David” ləqəbli atla “Sərhədçi” klubunun idmançısı Seyid Musayev sahib olub. “Elite Horse and Polo Club”un idmançısı Kənan Novruzov “Valonka” ləqəbli atla ikinci, “Sərhədçi” klubunun idmançısı Seyid Musayev isə “Concorde 57” ləqəbli atla üçüncü yerə layiq görülüblər.
Günün sonuncu yarışında “S” kateqoriyası üzrə maneələrinin hündürlüyü 130-140 santimetr olan finalda birinci yerə və “Sərhədçi kuboku”na “Buta Golden” klubunun idmançısı Yahor Morotski “Astrello” ləqəbli atla sahib olub. “Sərhədçi” klubunun idmançısı Seyid Musayev “David”, “Omar” klubunun idmançısı Ələkbər Məmmədov isə “Francesko” ləqəbli atla digər pillələrdə yer alıblar.