CARİ İLİN BİRİNCİ YARISI YARDIMLI RAYONUNUN SOSİAL-İQTİSADİ HƏYATINDA İRƏLİLƏYİŞLƏRLƏ MÜŞAYİƏT OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu fikir Yardımlı rayon icra hakimiyyətində 2007-ci iln birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda səslənmişdir.
Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Etibar Fərruxov çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxdığını və bölgədə lider dövlətə çevrildiyini bildirmiş, avqustun 1-də Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin başçısının nitqindən irəli gələn vəzifələrdən danışmışdır.
Dövlətimizin 2007-ci ilin birinci yarısında ümumi daxili məhsul istehsalına görə dünyada liderliyini qoruyub saxladığını vurğulayan natiq, iqtisadiyyatın bütün sahələrində qazanılan nailiyyətləri Prezident İlham Əliyevin doğru, düzgün və məqsədyönlü fəaliyyətinin nəticəsi kimi qiymətlndirmişdir.
Toplantıda rayon icra hakimiyyəti başçısının müavini Siyasət Süleymanovun 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi dinlənilmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Yardımlı rayonu üzrə nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirildiyini bildirən məruzəçi, bu ilin altı ayı ərzində rayonda ümumi məhsul istehsalının 35 faiz, əhalinin gəlirlərinin 37 faiz, əmək haqlarının 26 faiz, kənd təsərrüfatı məhsulları istehsalının 5 faiz artdığını, sosial məsələrin həllində bir sıra uğurların qazanıldığını diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlər rayonda uğurla yerinə yetirilir.
Müşavirədə çıxış edənlər son iki il ərzində Prezident İlham Əliyevin iki dəfə Yardımlıya səfər etməsini, rayona təbii qaz xəttinin və 53 kilometrlik Masallı-Yardımlı yolunun açılış mərasimlərində iştirakını ölkəmizin başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğı kimi qiymətləndirmiş, 2007-ci ilin birinci yarısında qazanılmış nailiyyətlərlə bərabər, mövcud problemləri də ətraflı təhlil etmişlər.
Yığıncaqda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunmuşdur.
Toplantıda Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir. Prezidentin İcra Aparatı regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçısı Mikayıl Hüseynov yığıncaqda iştirak etmişdir.