CATEL ŞİRKƏTİ AZƏRBAYCANA ƏN MÜASİR RABİTƏ VASİTƏLƏRİ GƏTİRMİŞDİR
Mərasimi şirkətin baş direktoru Sadıq Hümbətov açaraq dedi ki, yeni rabitə vasitələri – müasir telefon aparatları, yüksək sürətli internet və multimedia servis xidmətləri göstərən cihazlar elm və texnikanın son nailiyyətləri əsasında yaradılmışdır. Bu cihazlar digər simsiz rabitə vasitələrindən tamamilə fərqlənir və bir çox üstünlükləri ilə seçilir. Həmin texnika Azərbaycana ilk dəfədir ki, gətirilir.
Yeni rabitə texnologiyası respublikamıza ABŞ-ın OMNİ communications ink. şirkətinin sərmayəsi ilə gətirilmişdir. Onun vasitəsilə ölkəmizdə 2 telekommunikasiya şirkəti yaradılmışdır.
Mərasimdə ABŞ-ın Bakıdakı səfiri Rino Harniş, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi telekommunikasiya şöbəsinin rəisi Əflatun Məmmədov, CATEL və OMNİ communikation ink. şirkətlərinin prezidenti Dərya Yavalar çıxış edərək, 1996-cı ildən respublikamızda fəaliyyət göstərən CATEL şirkətinin fəaliyyətini yüksək dəyərləndirdilər.
Onlar bildirdilər ki, yeni rabitə texnologiyaları Azərbaycanda tezliklə geniş yayılacaq, yeni iş yerlərinin açılmasına səbəb olacaq, ölkəmizə fayda verəcəkdir.
Qeyd olundu ki, CATEL şirkətinin 50 min abunəçiyə xidmət edəcək üçüncü nəsil CDMA şəbəkəsi istismara tam hazırdır. Abşeron yarımadası, o cümlədən Bakı və Sumqayıt şəhərləri bu şəbəkədə əhatə olunmuşdur.