Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
Bakı, 29 mart, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə imzaladığı Sərəncamla bağlı silsilə tədbirlər planı hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirlər planının icrası ilə əlaqədar Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə “Cəlil Məmmədquluzadə və Molla Nəsrəddin ədəbi məktəbi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransda Əməkdar incəsənət xadimləri Maral Manafova, Rafiq Sadıqov, dosent Aygül Hüseynova və başqaları Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı, publisistikası haqqında ətraflı məlumat veriblər.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının şöbə müdiri Qənirə Mustafayeva kitabxanada görkəmli ədibin yaradıcılığı barədə görülən işlərdən bəhs edib.
Sonda “Cəlil Məmmədquluzadə-150” adlı kitab sərgisinə baxış keçirilib.