Cəlilabadda “Narkomaniyaya yox deyək!” mövzusunda videokonfrans keçirilib
Bakı, 29 iyun, AZƏRTAC
Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və Cəlilabad Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr edilmiş “Narkomaniyaya yox deyək!” mövzusunda videokonfrans keçirilib.
Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata əsasən, qurumun Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov tədbirdə çıxış edərək bildirib ki, narkomaniya hazırda bəşəriyyəti düşündürən və narahat edən, cəmiyyətin ciddi bəlasına çevrilən, ağır nəticələrə gətirib çıxaran böyük təhlükə mənbəyidir. BMT Baş Assambleyası 1987-ci ildə narkomaniyaya dair problemlərin daim ictimaiyyətin diqqətində saxlanması məqsədilə iyunun 26-sını Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü elan edib.
Diqqətə çatdırılıb ki, ölkəmiz narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı beynəlxalq müqavilələrə qoşulub, milli qanunvericiliyini beynəlxalq sənədlərə uyğun təkmilləşdirib.
Qeyd olunub ki, Azərbaycan Ombudsmanının fəaliyyətində də narkomaniyaya qarşı mübarizə, İİV/QİÇS-dən əziyyət çəkən şəxslərin hüquqlarının müdafiəsi və bu sahədə maarifləndirmə işlərinə geniş yer verilir.
Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov və 2019-cu il “İlin gənc müəllimi” nominasiyasının qalibi Elçin Abbasov videokonfansda çıxış edərək narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini vurğulayıblar.
Videokonfransda interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb.