Cəlilabadda şəhid Səid Həsənovun ev-muzeyi açılıb
Cəlilabad, 14 sentyabr, İ.Adıyev, AZƏRTAC
Cəlilabad rayonunun Əsədli kəndində Vətən müharibəsi iştirakçısı, şəhid gizir Səid Həsənovun anım günündə ev- muzeyinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, muzeyin açılış mərasimində rayon rəhbərliyi, ziyalılar, sakinlər, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.
Çıxışlarda qəhrəman övladlar böyütdüklərinə görə şəhid valideynlərinə təşəkkür edilib, cəmiyyətimizin hər zaman şəhidlərin ailə üzvlərinin yanında olacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, Vətən müharibəsinin iştirakçısı olan Səid Həsənov ötən ilin sentyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə yüksəlib.
Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən "Azərbaycan bayrağı" ordeni, "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.