Cəlilabadlı gənclər Quba Soyqırımı Memorial Kompleksini və kütləvi məzarlığı ziyarət ediblər
Cəlilabad, 31 mart, Bağır Əliyev, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı cəlilabadlı gənclərin bir qrupu Quba Soyqırımı Memorial Kompleksini və kütləvi məzarlığı ziyarət edib.
AZƏRTAC xəbər verir ki, səfər zamanı gənclərə ermənilərin Qubada törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2007-ci ildə tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkarlanan məzarlıq 1918-ci ildə ermənilərin Qubada müsəlman əhalinin soyqırımını həyata keçirdiklərini sübut edən tarixi faktlardan biridir.
Diqqətə çatdırılıb ki, 1918-ci ildə təkcə Quba qəzasında 36 min 782 nəfər insan qətlə yetirilib, 122 kənd tamamilə dağıdılıb, 259 ev yandırılıb.
Sonra gənclər Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Memorial Kompleksdə Qubanın XX əsrin əvvəllərindəki görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar nümayiş etdirilir, sensor ekranlı monitorda ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı barədə bir neçə dildə məlumat verilir.
Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramin Rəhimov bildirib ki, erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönələn saxta kampaniyasına qarşı mütəşəkkil müqavimət yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana yenidən hakimiyyətə qayıdışından sonra mümkün olub.
Qeyd edilib ki, gənc nəslin qarşısında duran əsas vəzifə xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında möhkəm milli yaddaş formalaşdırmaq, bu faciəyə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır.