Cəlilabadlılar Vətən müharibəsinin iştirakçısı həkim İbrahim Quliyevi böyük coşqu ilə qarşılayıblar
Cəlilabad, 6 yanvar, Bağır Əliyev, AZƏRTAC
Vətən müharibəsində Böyük Qələbənin qazanılmasında igid döyüşçülərimizlə yanaşı, həkimlərimizin də payı var. Döyüş meydanında yaralılara ilkin tibbi yardımın göstərilməsi, onların təxliyəsi hərbi həkimlərin əsas missiyasıdır. Cəlilabadın Bədirli kəndindən olan həkim İbrahim Quliyev Vətən müharibəsində onlarla yaralının həyatını xilas edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İbrahim Quliyev üç ay əvvəl cəbhəyə yollananda təkcə ailə üzvləri onun gedişindən xəbərdar idilər. İndi isə əllərində üçrəngli bayrağımızı dalğalandıran onlarla insan onu böyük coşqu ilə qarşılayıb.
İbrahim Quliyev cəbhədən-cəbhəyə adlayaraq onlarla hərbçimizin həyatını xilas edib. Elə buna görə də el-obasında böyük coşqu ilə qarşılanıb. O, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Həkim İbrahim Quliyev ehtiyatda olan baş leytenant kimi ordu sıralarına çağırıldığı gündən cəbhənin Füzuli və Cəbrayıl istiqamətlərində ön xətdə yaralılara ilkin tibbi yardım göstərib. Müharibə qanunlarına görə, hərbi əməliyyatlar zamanı tibb avtomobillərinin atəşə tutulması qadağan edilsə də, düşmən döyüş meydanındakı məğlubiyyətinin əvəzini bəzən səhiyyə işçilərini atəşə tutaraq çıxmağa çalışıb. Bu barədə danışan həkim deyib: “Bütün bunlara baxmayaraq, vahid komandanlığın və mütəşəkkil koordinasiyanın olması ordumuzun bu kimi çətinlikləri asanlıqla geridə qoymağa imkan verdi. Yaralılarla döyüşdə ilk təmasda olarkən Azərbaycan əsgərinin cəsarətinin, döyüş əzminin, məğlubedilməzliyinin dəfələrlə şahidi olmuşam...”
Həkim İbrahim Quliyevin əynindəki hərbi forma yenidən ağ xalatla əvəzlənib. Amma qəlbində heç bir şeylə əvəz olunmayacaq Vətən sevgisi hələ çox xəstələrin şəfa tapmasına səbəb olacaq.