Cənubi Afrika Respublikasında ən iri neftayırma zavodunun fəaliyyəti dayanıb
Bakı, 14 iyul, AZƏRTAC
Cənubi Afrika Respublikasının Kvazulu-Natal əyalətində yerləşən ən iri neftayırma zavodu iyulun 8-dən davam edən iğtişaşlar səbəbindən işini dayandırıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Durban liman şəhərində yerləşən SAPREF neftayırma zavodu kütləvi qarət və zorakılıq aktları ilə əlaqədar müvəqqəti bağlanıb. Ölkənin neft emalının 25 faizini əhatə edən həmin zavod BP və “Shell” energetika qruplarının ortaq müəssisəsidir.
Paytaxt Qautenq əyaləti ilə birgə hazırkı iğtişaşların episentri olan Kvazulu-Natal əyalətində artıq yanacaq çatışmazlığı hiss olunur. Əyalətin administrativ mərkəzi Pitermarisburq şəhərindəki yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb. Əsas yollar bağlandığından region ərzaq və dərman çatışmazlığı təhlükəsi ilə üz-üzə qalıb.
Cənubi Afrika Respublikasının sabiq baş prokuroru Vusi Pikoli iğtişaşlara son qoymaq üçün ölkə prezidenti Sirila Ramafosanı dərhal fövqəladə vəziyyət rejimi elan etməyə çağırıb.
Qeyd edək ki, ötən həftə Kvazulu-Natal əyalətindən olan ölkənin sabiq prezidenti Ceykob Zumanın həbsdən azad edilməsi tələbi ilə etiraz aksiyaları başlayıb. Etirazçılar mağazaları, anbarları, yanacaqdoldurma məntəqələrini və ofisləri qarət etməyə başlayıb. İğtişaşlar sonradan qonşu Qautenq əyalətinə də yayılıb.
Yerli eNCA telekanalının məlumatına görə, etirazların davam etdiyi altı gün ərzində azı 72 nəfər həlak olub, 1,2 min nəfər isə saxlanılıb. Ordu hissələri Durban və Yohannesburq şəhərlərinin ətraf rayonlarında ticarət mərkəzlərini mühafizə altına alıb.