CƏNUBİ KOREYA RESPUBLİKASI AZƏRBAYCANLA ƏLAQƏLƏRİ GENİŞLƏNDİRMƏKDƏ MARAQLIDIR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, səfir Kim Sonq Xvan Cənubi Koreya Respublikasının ölkəmizdə səfiri vəzifəsində işlədiyi dövrdə ona göstərilmiş köməyə və səmərəli əməkdaşlığa görə Azərbaycan tərəfinə minnətdarlığını bildirərək, bundan sonra da dövlətlərimiz arasındakı münasibətlərin genişlənəcəyinə əmin olduğunu söyləmişdir.
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında münasibətləri yüksək qiymətləndirərək, Azərbaycanın Cənubi Koreya Respublikası ilə əməkdaşlığının bir sıra sahələrdə inkişafına xüsusi əhəmiyyət verdiyini bildirmiş və dövlətlərarası iqtisadi əlaqələrin möhkəmləndirilməsinin zəruriliyini vurğulamışdır. Nazir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar çərçivəsində aparılan müzakirələrdə ərazi bütövlüyü, dövlət suverenliyi və sərhəd toxunulmazlığının əsas götürülməsinin vacibliyini diqqətə çatdırmışdır. Səfir Kim Sonq Xvan Cənubi Koreya Respublikasına beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan tərəfindən göstərilən dəstəyi xüsusi qeyd edərək, dövlətimizə təşəkkürünü bildirmişdir.
Nazir Elmar Məmmədyarov səfir Kim Sonq Xvana bundan sonrakı fəaliyyətində uğurlar arzulamışdır.