Cənubi Koreyanın Kannın şəhəri xüsusi təbii fəlakət zonası elan edilib
Pekin, 12 aprel, AZƏRTAC
Cənubi Koreyanın şərq sahilində yerləşən Kannın şəhəri güclü meşə yanğınları ilə əlaqədar xüsusi təbii fəlakət zonası elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərarı Cənubi Koreya Prezidenti Yun Sok Yol verib. Bu status Kannındakı təbii fəlakətin nəticələrinin aradan qaldırılması və hadisədən zərərçəkənlərə dəstək verilməsi üçün dövlət büdcəsindən birbaşa maliyyə yardımı ayrılmasına imkan verir. Prezident Yun Sok Yol səlahiyyətli qurumlara bu istiqamətdə tapşırıqlar verib.
Prezidentin mətbuat katibi bildirib ki, hökumət təbii fəlakətin nəticələrini qiymətləndirdikdən sonra ayrılacaq maliyyə yardımının məbləği bəlli olacaq.
Qeyd edək ki, aprelin 11-də səhər Kannın şəhəri ərazisində baş verən güclü meşə yanğını bir nəfərin ölümünə, 16 nəfərin xəsarət almasına səbəb olub. Yanğın 40-ı fərdi ev, 4-ü otel olmaqla 72 tikilini, habelə tarixi “Banqhecenq” pavilyonunu, 379 hektar ərazidə ağacları məhv edib. Yaranmış təhlükəli vəziyyətlə əlaqədar 649 sakin, 700-dən çox turist təxliyə edilib, 23 məktəbdə tədris dayandırılıb. Təbii fəlakətlə mübarizəyə 2700-dən çox yanğınsöndürən, 400 ədəd müxtəlif texnika cəlb edilib. Təxminən 8 saatlıq əməliyyatdan sonra yanğın nəzarət altına alınıb.
İlkin ehtimala əsasən, yanğına güclü küləyin aşırdığı şam ağacının yüksəkgərginlikli elektrik xətlərinə toxunması səbəb olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin