CƏNUBİ QAFQAZDAKI BÜTÜN MÜNAQİŞƏLƏR ÖLKƏLƏRİN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLL OLUNMALIDIR
AZƏRTAC xəbər verir ki, avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Prezident İlham Əliyev ikitərəfli dostluq münasibətlərinin sürətlə inkişaf etdiyini, siyasi, iqtisadi, mədəni, enerji sahəsində ölkələrimizin yaxın tərəfdaş olduğunu və regional əməkdaşlığın uğurla həyata keçirildiyini bildirdi. Azərbaycanın dövlət başçısı dedi ki, Rumıniya Prezidentinin bu səfəri bölgədə gələcək əməkdaşlığın, təhlükəsizliyin möhkəmlənməsi baxımından çox önəmlidir. Bölgədə sabitlik olmalıdır və hazırda yaşanan gərginlik bizi çox narahat edir.
Prezident Trayan Besesku Azərbaycanın bölgədə mühüm ölkə olduğunu və regional məsələlərdə çox güclü rol oynadığını vurğuladı. O dedi ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu, reallıqdır və ölkələrimizin ikitərəfli münasibətləri çox yüksək səviyyədədir.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan və Rumıniya prezidentləri mətbuat üçün birgə bəyanatlarla çıxış etdilər.
Dövlət başçıları xüsusi vurğuladılar ki, Azərbaycan və Rumıniya təhlükəsizlik və enerji sahəsində eyni mövqedən çıxış edir və bu, hər iki ölkənin əməkdaşlığını daha da gücləndirir.
Prezident Trayan Besesku bölgədə baş verən hadisələrə, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dedi ki, Rumıniya bütün qarşıdurmaların, münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.