Çankaya Köşkündə Zəfər bayramı münasibətilə rəsmi qəbul keçirilib
Ankara, 31 avqust (AZƏRTAC). 1922-ci ildə milli ordunun qazandığı rəşadətə görə təsis olunmuş Zəfər bayramı - Türk Silahlı Qüvvələri günü münasibətilə Ankarada - Çankaya Köşkündə rəsmi qəbul keçirilib.Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan tərəfindən qonaqların qarşılandığı, dövlət və hökumət nümayəndələrinin, ölkə ictimaiyyəti təmsilçilərinin, Ankaradakı diplomatik korpusun rəhbərlərinin qatıldıqları qəbulda Azərbaycan Respublikasının Türkiyədəki səfiri Faiq Bağırov da iştirak edib.
Xatırladaq ki, avqustun 30-da səhər saatlarında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə dövlət və hökumət nümayəndələri Anıt qəbiri ziyarət edərək, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarının önünə əklil qoyub, əziz xatirəsini yad ediblər. Sonra paytaxtdakı Atatürk Kültur Mərkəzində hərbi parad keçirilib.
Ölkə rəhbərliyi hərbi məktəblərdə keçirilən məzun günü mərasimlərinə qatılıb.
Türkiyə xalqının böyük coşqu ilə qeyd etdiyi Zəfər bayramı münasibətilə meydan və bulvarlar bayramsayağı bəzədilib.
Ölkənin hər yerində rəsmi mərasimlər, ədəbi - bədii proqramlar təşkil edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara