SİYASƏT
Çex Respublikasının Milli Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil olunub
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Çex Respublikasının Milli Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.
Rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Çexiyanın Dövlət himnləri səsləndirilib.
Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek ölkələrimiz arasındakı strateji tərəfdaşlıq əlaqələrinin inkişafından danışıb. Çexiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin bu il 30 illiyinin qeyd olunduğunu diqqətə çatdıran diplomat deyib: "Azərbaycan və Çexiya arasında siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələr inkişaf etdirilir. Əlaqələrimizin əhatə dairəsi getdikcə genişlənir. Ölkələrimiz arasında parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. Çex Respublikası həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Qarabağın azadlığı ilə ölkənin ərazi bütövlüyünün tam təmin olunması çex xalqını da çox sevindirir".
Diplomat Çexiya və Azərbaycan arasındakı əlaqələrin inkişaf edərək daha da dərinləşəcəyinə əminliyini ifadə edib.
Xarici işlər nazirinin müavini Fariz Rzayev diplomata Çex Respublikasının Milli Günü münasibətilə Azərbaycan Hökuməti adından təbriklərini çatdırıb. Ölkələrimiz arasında 1993-cü il yanvarın 29-da qurulan diplomatik münasibətlərin bu il 30-cu ildönümünün olduğunu diqqətə çatdıran nazir müavini əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Səmərəli əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən danışan Fariz Rzayev qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
Nazir müavini, həmçinin ölkələrimiz arasında iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşu və müxtəlif sahələrdə əməkdaşlığın davam etdiyini vurğulayıb.
"Əminik ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq əlaqələri dövlətlərimizin və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla inkişaf edəcəkdir", - deyə nazir müavini vurğulayıb.