Çexiya jurnalı Azərbaycan səfirinin müsahibəsini dərc edib
Praqa, 4 noyabr, AZƏRTAC
Praqada çex və rus dillərində nəşr olunan Visainfo.cz jurnalının noyabr buraxılışında Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin müsahibəsi dərc edilib.
Geniş müsahibəsində səfir Fərid Şəfiyev Çexiya və Azərbaycan arasında mövcud münasibətlərin siyasi, iqtisadi və digər aspektləri haqqında sualları ətraflı cavablandırıb. Ölkəmizin dinamik inkişafından və qarşılaşdığı təhdidlərdən danışıb, oxucuların diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə çəkərək, Ermənistanın işğalçılıq siyasətinə toxunub.
Ölkələrimiz arasındakı münasibətlərin inkişafından bəhs edən F.Şəfiyev bu ilin sentyabr ayında Çexiya Prezidenti Miloş Zemanın Azərbaycana səfərinə və iki ölkə arasında imzalanmış sənədlərə də diqqət çəkib.
Müsahibədə, həmçinin Azərbaycanın iqtisadi inkişaf göstəriciləri, ölkəmizdə keçirilmiş birinci Avropa Oyunları haqqında məlumat verilib. Eyni zamanda, Azərbaycanda multikulturalizm sahəsində müvəffəqiyyətlə həyata keçirilən dövlət siyasəti, tolerantlıq mühiti, dini konfessiyaların sülh şəraitində yaşaması, ölkəmizin zəngin mədəniyyəti və tarixi haqqında söhbət açılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa